SSD məlumatların saxlanılması üçün qurğu olub yaddaş olaraq inteqrasiya olunmuş sxem-bloklardan istifadə edir. Bu da məlumatlarə daha etibarlı saxlamağa imkan verir.

SSD-lərin heç bir hərəkətli hissəsi yoxdur və digər media yaddaş qurğularından fərqli olaraq məlumatları yazarkən/oxuyarkən elektro-maqnitizmdən istifadə etmir. Quruluşu ancaq yaddaş çiplərindən ibarət olduğu üçün SSD səssizdir, fiziki zərbələrə qarşı daha dayanıqlıdır və digər məlumat saxlama qurğularına nisbətən daha yüksək sürətlə işləyir.

SSD arxitekturasının ən vacib hissələri kontroller və yaddaş çipləridir. Əsasən iki növ yaddaş çiplərindən istifadə olunur: NAND  (Not AND / Yox VƏ elementi) və DRAM (Dynamic Random Access Memory / Dinamik Təsadüfi Girişli Yaddaş). Bir çox istehsalçılar nisbətən aşağı qiymətli olmasına və məlumatları elektrik enerjisi olmadan saxlama qabiliyyətinə görə NAND yaddaşlarına üstünlük verirlər. DRAM yaddaşları isə sürətli olduqlarına baxmayaraq qiymətləri çox bahadır və cərəyan kəsilan zaman məlumatlar itir.

Hər iki yaddaş çipləri iki növ məlumat saxlama üsulundan istifadı edir: MLC (multi-level cell / çox səviyyəli element) və SLC (single-level cell / tək-səviyyəli element)

SSD istehsalında ancaq bir neçə istehsalçıların yaddaş çiplərindən istifadə olunduğu üçün modellər arasında fərq yalnız kontrollerlərdə və onların proqram təminatlarında olur. Yaddaş natamamlığına görə kontroller yaddaş çiplərini ani olaraq idarə edir. Bundan əlavə kontrollerin öhdəliklərinə məlumatı oxuma, yazma, ECC (error correction / xəta düzənləməsi), cihazın uzunömürlü olmasına nəzarət, xətalı blokların köçürülməsi, şifrələmə kimi funksiyalar da daxildir.

SSD Məlumat Bərpası Prosesi

Malik olduğu bütün üstünlüklərə baxmayaraq, SSD yaddaş qurğuları da sıradan çıxmağa qarşı sığortalanmayıb. Bu cihazlardakı məlumatların saxlanılması strukturu adətən bir çox RAID sistemlərindəki strukturdan daha mürəkkəbdir. Müxtəlif istehsalçılar öz SSD yaddaş qurğularının sürətini artırmaq və daha da mükəmməl etmək üçün kontrollerlərdə və yaddaş çiplərində xüsusi məlumat saxlama alqoritmlərindən istifadə edirlər. Bu alqoritmlər isə kommersiya sirri kimi gizli saxlanılır. Məhz bu səbəbdən uyğun mikro proqram təminatının tapılması bu kimi qurğulardan məlumat bərpa edilməsinin ən çətin hissəsidir.

Zədələnmiş diskdəki məlumatı çıxartmaq üçün ilk öncə yaddaş çipləri Basqılı Dövrə Lövhəsindən (BDL) ayrılır və NAND oxuyucularına yerləşdirilir. Bundan sonra uyğun alqoritmin tapılması ilə yaddaş çipinin məlumatı bir araya gətirilir və kontrollerin işi emulyasiya olunaraq məlumatlar maşın dilindən çevrilərək oxunaqlı hala gətirilir. Yekun olaraq əldə oluna məlumat analiz olunaraq bərpa prosesinə başlanılır.